Aprelin 29-da futbol üzrə Türkiyə Superliqasının XXXI turunda İstanbul derbisi oynanılıb.
NUHÇIXAN xəbər verir ki, turun maraqla gözlənilən mərkəzi qarşılaşmasında 63 xalla lider olan “Qalatasaray” komandası əzəli rəqiblərindən olan, çempionatda 62 xalla üçüncü pillədə yer alan “Beşiktaş”ı qəbul edib.
Oyunda “Qalatasaray” son çempion “Beşiktaş”ı 2:0 hesabı ilə məğlub edərək çempionatın başa çatmasına üç tur qalmış Türkiyə Superliqasının qalibi olmağa daha da yaxınlaşıb. “Beşiktaş” isə bu məğlubiyyətlə turnir cədvəlində dördüncü pilləyə enib.
Qarşılaşmada hesabı matçın 23-cü dəqiqəsində ev sahibi komandanın yaponiyalı futbolçusu Yuto Nagatomonun ötürməsindən sonra braziliyalı yarımmüdafiəçisi Fernando Reges açıb - 1:0. İlk hissə bu hesabla başa çatıb.
İkinci hissədə “Qalatasaray”ın hücumçusu Bafetimbi Qomis 66-cı dəqiqədə rəqib qapısına təyin olunan penalti zərbəsindən istifadə edə bilməyib. Həmin vəziyyətdə baş hakim Fırat Aydınus "Beşiktaş"ın futbolçusu Dusko Toşici qırmızı vərəqə ilə cəzalandırıb. Bu üstünlükdən yararlanan meydan sahibləri 70-ci dəqiqədə hesab arasındakı fərqi artırıblar. "Qalatasaray"lı Qery Rodriqes komanda yoldaşı Martin Linnesin məhsuldar ötürməsini qola çevirib - 2:0. Bu, onun cari çempionatda vurduğu 7-ci qol olub.
Bu görüş cari mövsümdə Superliqada ən çox tamaşaçının baxdığı qarşılaşmalardan biri olub. “Türk Telekom” stadionunda keçirilən oyunu 50 minə yaxın tamaşaçı izləyib.
Komandalar arasında cari mövsümdə ötən ilin dekabrında keçirilən oyunda “Beşiktaş” öz meydanında 3:0 hesabı ilə qalib gəlmişdi.
Əzəli rəqiblər bu oyunadək ölkə çempionatında 342 dəfə qarşılaşıblar. Matçların 121-də “Qalatasaray”, 109-da isə “Beşiktaş” qələbə qazanıb, 112 matç isə heç-heçə yekunlaşıb.
Bugünkü oyundakı qələbə sayəsində qalatasaraylılar xallarının sayını 66-ya çatdıraraq çempionatda liderliyini möhkəmləndiriblər. Bir xal geridə olan “Başakşehir” komandası ikinci sırada qərarlaşıb. Hesabında 63 xal olan “Fənərbağça” turnir cədvəlində üçüncü pilləni tutur. “Beşiktaş” 62 xalla dördüncü, “Trabzonspor” 49 xalla beşinci yerdədir.
Qeyd edək ki, tur çərçivəsində ötən gün keçirilmiş oyunda çempionluq uğrunda yarışan komandalardan “Fənərbağça” səfərdə “Kasımpaşa”dan 4:1, “Trabzonspor” isə səfərdə “Antalyaspor”dan 2:1 hesabı ilə üstün olmuşdu. “Başakşehir” isə bu gün rəqib meydanında “Osmanlıspor”u 4:1 hesabı ilə məğlub edib.
Tura aprelin 30-da keçiriləcək “Bursaspor” - “Konyaspor” oyunu ilə yekun vurulacaq.