Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərində yerləşən “Gənclik” Mərkəzində keçirilən çempionat mayın 31-dək davam edəcək. 12 qadın zəka sahibinin mübarizə apardığı 11 turdan ibarət çepionatın beşinci turunda beynəlxalq usta Gülnar Məmmədova Nazlı Hümbətova ilə, beynəlxalq qrosmeyster Xəyalə Abdulla beynəlxalq qrosmeyster Zeynəb Məmmədyarova ilə, ustalığa namizəd Mələk İsmayıl beynəlxalq usta Gövhər Beydullayeva ilə, FIDE ustası Ləman Hacıyeva fide ustası Ayan Allahverdiyeva ilə, beynəlxalq qrosmeyster Ülviyyə Fətəliyeva ustalığa namizəd Səbinə Rzalı ilə, beynəlxalq usta Səbinə İbrahimova isə Nəsrin Babayeva ilə qarşılaşıb.
Gərgin və mübarizəli duellərin yekun nəticələrinə gəlincə beynəlxalq usta Gülnar Məmmədova, beynəlxalq qrosmeyster Zeynəb Məmmədyarova, FIDE ustası Ayan Allahverdiyeva, beynəlxalq qrosmeyster Ülviyyə Fətəliyeva və Naxçıvan şahmatçısı Nəsrin Babayeva qalib ayrılan tərəf olub. Digər qarşılaşma isə heç-heçə yekunlaşıb.
Qeyd edək ki, qadın şahmatçıların mübarizə apardığı çempionatın qalibi Azərbaycanı şəxsi Avropa Çempionatında təmsil edəcək.
Azər Zeynalov