“Avro-2020”: Niderland yığması Ukrayna komandasını məğlub edib

A- A A+

Futbol üzrə Avropa çempionatının C qrupunda birinci turun oyunlarına yekun vurulub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Amsterdamda "Yohan Kroyf” stadionunda keçirilən görüşdə Niderland və Ukrayna komandaları qarşılaşıb.

Matçın birinci hissəsində qapılara qol vurulmayıb. Oyunun 52-ci dəqiqəsində Jorjinyo Viynaldum hesabı açmağa nail olub. Cəmi 7 dəqiqə sonra Niderlandın hücumçusu Vaut Veqhorts hesab arasındakı fərqi ikiyə çatdırıb. Lakin ukraynalılar 75-ci və 79-cu dəqiqələrdə fərqlənməklə hesabı bərabərləşdirməyə nail olublar. Andrey Yarmalenko və Roman Yaremçuk qapı tirini dəqiq nişan alıblar. Buna baxmayaraq, Niderland seçməsinin müdafiəçisi Denzel Dyumfres 85-ci dəqiqədə komandasına qələbə qazandıran qolu vurub.

Beləliklə, Niderland yığma komandası birinci turda Ukrayna komandasını 3:2 hesabı ilə üstələyib.

C qrupunun digər görüşündə isə Avstriya komandası Şimali Makedoniya seçməsini 3:1 hesabı ilə üstələyib.

C qrupunun turnir cədvəlinə 3 xalla Avstriya komandası başçılıq edir. İkinci pillədə 3 xala malik olan Niderland, 3-cü və 4-cü pillələrdə isə müvafiq olaraq Ukrayna və Şimali Makedoniya yığmaları qərarlaşıb.

Xatırladaq ki, A qrupunda yer alan İsveçrə və Uels komandalarının Bakının Olimpiya Stadionunda keçirilən görüşü heç-heçə nəticələnib – 1:1.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: