Futbol üzrə Türkiyə Super Liqasında çempionluq uğrunda mübarizə aparan İstanbulun “Fənərbağça” klubu heyətini gücləndirib.
NUHÇIXAN Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Lester Siti” klubunun 30 yaşlı futbolçusu İslam Slimaninin keçidinə dair razılığa nail olub. Əlcəzair millisinin hücumçusu cari mövsümün sonunadək icarə əsasında “Fənərbağça”nın heyətində çıxış edəcək. Təcrübəli futbolçu yeni klubunda 4 milyon 250 min avro qazanacaq. O, müqaviləni imzalamaq üçün artıq İstanbuldadır.
Qeyd edək ki, əvvəllər Əlcəzairin “JSM Çeraqa” və “CR Belouizdad” komandalarında forma geyinən İslam Slimani 2013-cü ildə Portuqaliyanın “Sportinq” klubuna transfer olunub və üç il ərzində 82 oyunda 48 qol vurub. İ.Slimani 2016-cı ildə 28 milyon funt-sterlinq müqabilində “Sportinq”dən İngiltərənin “Lester Siti” komandasına keçib. Ötən mövsümün yanvarından “Nyukasl Yunayted”ın heyətində icarə əsasında oynamağa başlayan S.Slimani İngiltərə Premyer Liqasında 39 matçda 8 qolla yadda qalıb. O, Əlcəzair millisinin heyətində forma geydiyi 58 oyunda rəqib qapılarından 27 top keçirməyi bacarıb. Ümumiyyətlə, karyerası boyunca 244 matçda 99 qol vuran İslam Slimani 28 məhsuldar ötürmə verib.
Qeyd edək ki, bu gün futbol üzrə Türkiyə Superliqasında 2018-2019-cu il mövsümünün birinci turunda “Fənərbağça” öz meydanında “Bursaspor”la qarşılaşacaq.