Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 1998-ci il avqustun 12-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində gənclərlə iş sahəsində keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada “Gənclər Günü” kimi qeyd olunması qərara alınmışdır. Həmin tarixdən etibarən Beynəlxalq Gənclər Günü Azərbaycanda da qeyd olunur.
Sağlam gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün əsas məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı gənclərdən asılıdır.
Ölkəmizdə dövlətin gənclər siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər sağlamdüşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqət mərkəzində saxlamış, gənclərin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda iştirakının təmin olunmasını vacib hesab etmişdir. Hələ ötən əsrin 70-ci illərindən sağlam gənc nəslin yetişdirilməsini diqqətdə saxlayan dahi şəxsiyyət onların hərtərəfli təhsil alması, hərbi sahədə ixtisaslı kadr kimi yetişməsi qayğısına qalmışdır. Bu dövrdə şəhər, rayon və kəndlərdə məktəb binaları, idman obyektləri tikilmiş, gənclərin asudə vaxtının səmərəli təşkili və milli ruhda tərbiyələnməsi sahəsində ardıcıl tədbirlər görülmüşdür.
Ölkəmiz müstəqillik qazandıqdan və ulu öndər xalqın təkidli tələbi ilə yenidən ali hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycanda dövlət gənclər siyasəti yeni mərhələyə çıxarılmış, 1994-cü ildə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılmış, 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu keçirilmişdir. Ümummilli liderin müvafiq sərəncamı ilə birinci forumun keçirildiyi gün – fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edilmişdir. Ulu öndər bu sahənin hüquqi bazasının yaradılması, gənclərlə işin daha da təkmilləşdirilməsi məsələlərini də diqqət mərkəzində saxlamış, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Ulu öndər gənclərin qarşısında mühüm vəzifələr qoyaraq deyirdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərin təhsil alması, sağlam və vətənpərvər böyüməsinə xüsusi diqqət yetirir. Dövlət başçısının sərəncamları ilə ölkəmizdə gəncliyin inkişafı ilə bağlı dövlət proqramlarının qəbul olunması, Azərbaycan gənclərinin növbəti forumlarının keçirilməsi bu sahədə görülən işlərin əhatə dairəsini daha da genişləndirmişdir. Azərbaycanın müxtəlif bölgələrində müasir standartlara cavab verən məktəb binaları tikilib istifadəyə verilir, orta və ali təhsil ocaqları müasir avadanlıqlarla təchiz edilir. Elmi müəssisələrin, məktəblərin kompüterləşdirilməsi, gənc nəslin virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar Azərbaycanda insan kapitalının inkişafına xidmət edir. Ölkə Prezidentinin “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikasında da gənclər siyasəti uğurla həyata keçirilir, gənclərin milli ruhda tərbiyəsi diqqət mərkəzində saxlanılır. Onların ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə, muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını təşkil edir. Son illər muxtar respublikada Gənclər Mərkəzi, kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, məktəb binaları, olimpiya-idman kompleksləri, idman mərkəzləri və digər obyektlər tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq potensiallarının üzə çıxarılması da daim diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov gənc nəslin əsl vətəndaş kimi yetişdirilməsi zərurətini qeyd edərək demişdir: “Biz gələcəyimizin formalaşması qayğısına bu gündən qalmalıyıq. Muxtar respublikamızın gələcəyi bugünkü gəncliyin təhsilə nə dərəcədə yiyələnməsindən, tariximizi, dilimizi, adət-ənənələrimizi necə öyrənməsindən, milli dəyərlərimizi hansı səviyyədə mənimsəməsindən, əsl vətəndaş kimi formalaşmasından asılıdır. Gənc nəsil vətənpərvərlik, Azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmalı, onlar öz intellektual və yaradıcı potensiallarını müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafına sərf etməlidirlər”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı muxtar respublikamızda gənclərə göstərilən yüksək diqqət və qayğının daha bir ifadəsidir. Fərmana əsasən Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı” təsis olunmuş, kitaba adları yazılmış gənc istedadlar üçün təqaüdün verilməsi qaydaları təsdiq edilmişdir. Dövlət gənclər siyasətinin tərkib hissəsi kimi Ali Məclis Sədrinin 2012-ci il 29 mart tarixli Fərmanı ilə muxtar respublikada Gənclər Fondu yaradılmış, 2014-cü ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan şəhərində Gənclər Mərkəzi istifadəyə verilmiş, fondun fəaliyyəti təmin olunmuşdur. Bütün bunlar gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardır.
Son illər muxtar respublikanın şəhər və rayonlarında olimpiya-idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman məktəblərinin, şahmat məktəblərinin, stadionların, süni örtüklü mini-futbol meydançalarının, orta məktəblərdə idman zallarının və qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və kütləvi bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu imkanlardan istifadə edən gənclərimiz idman sahəsində uğurlar qazanır, keçirilən idman yarışlarında və çempionatlarda muxtar respublikanı layiqincə təmsil edirlər.
Gənclərin asudə vaxtlarının səmərəli təşkili də dövlət gənclər siyasətinin tərkib hissəsidir. Muxtar respublikada bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, gənclərin mənalı istirahəti təmin edilir. Ağbulaq İstirahət Mərkəzində gənclərin “Yay məktəbi”nin keçirilməsi bu baxımdan əhəmiyyətlidir. Yay tətili zamanı təbiət qoynunda dincələn gənclər mənalı istirahətlə yanaşı, muxtar respublikanın təbiətini, turizm potensialını tanımaq imkanı əldə edir, burada təşkil olunan yarış və intellektual müsabiqələrdə iştirak edərək asudə vaxtlarını səmərəli keçirirlər. Sağlamlıq imkanları məhdud gənclərin cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər də bu sahədə atılan mühüm addımlardandır. 2014-cü ildə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi, audio və elektron kitabxanalar istifadəyə verilmiş, bu kateqoriyadan olan gənclərin təhsili, məşğulluğu və asudə vaxtlarının səmərəli təşkili məqsədilə dövlət proqramı qəbul olunmuşdur.
Gənclərin mütaliəyə marağının artırılması istiqamətində də əhəmiyyətli işlər görülür. Son illər muxtar respublikada fəaliyyət göstərən kitabxanaların yenidən qurulması, maddi-texniki bazalarının möhkəmləndirilməsi, elektron kitabxanaların istifadəyə verilməsi, kənd mərkəzlərində və ümumtəhsil məktəblərində zəngin kitabxana fondunun yaradılması gələcəyimizin daha mükəmməl formalaşmasına hesablanmış mühüm addımlardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar” haqqında 2017-ci il 28 avqust tarixli Sərəncamı gənclərdə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşmasında mühüm rola malik olmaqla yanaşı, mütaliə mədəniyyətinin inkişafına da əhəmiyyətli təsir göstərir.
Muxtar respublikada gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Son illər yeni yaşayış binalarının tikilib gənc ailələrə verilməsi bu sahədə görülən işlərin davamıdır. Mənzillərin güzəştli ipoteka kreditləri ilə təqdim olunması gənc ailələrə mənzil sahibi olmaq imkanı yaradır. Gənclərin muxtar respublikanın aparıcı qüvvəsi olması, onlara göstərilən qayğının bariz nümunəsi kimi Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsini göstərmək olar. Naxçıvanda həyata keçirilən dövlət gənclər siyasəti, yaradılan hərtərəfli şərait, son illər naxçıvanlı gənclərin beynəlxalq arenalarda qazandıqları uğurlar, Azərbaycanı lazımınca təmsil etmələri sübut edir ki, Naxçıvan bu ada layiqdir.
Bu gün Naxçıvan Muxtar Respublikasında gənclər milli dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı və dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır, idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edirlər. Ən əsası isə muxtar respublika gəncləri dövlətçilik ənənələrini daim uca tutur, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda böyüyürlər.