Avqustun 12-də Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin sonuncu gününə qrup hərəkətləri komandalarının yarışı ilə start verilib.
NUHÇIXAN xəbər verir ki, əvvəlcə balaca gimnastlar (2008-2010-cu il təvəllüdlü) alətsiz və topla hərəkətlərdə mübarizəyə qoşulublar. Digər komanda yarışlarında isə yeniyetmələr (2006-2007-ci il təvəllüdlü) lentlə öz məharətlərini göstərəcəklər.
Daha sonra gənclər (2003-2005-ci il təvəllüdlü) arasında halqa, top, gürzlər və lentlə hərəkətlərdə final yarışları keçiriləcək.
Finalda avqustun 11-də keçirilmiş yarışların nəticələrinə görə hər hərəkət üzrə 8 ən yaxşı nəticə göstərmiş gimnastlar mübarizə aparacaqlar.
Xatırladaq ki, yarışlarda Bakı Gimnastika Məktəbini, “Ocaq Sport”, “AyUlduz”, “Zirvə” İdman klublarını, “Sərhədçi” İdman Olimpiya Mərkəzini, Respublika Kompleks İdman Məktəbini, o cümlədən Qusar və Gəncə şəhərlərini təmsil edən 117 gimnast mübarizəyə qoşulub.