İspaniya millisi Xorvatiyanı məğlub edərək dörddəbir final mərhələsinə vəsiqə qazanıb

A- A A+

İyunun 28-da futbol üzrə Avropa çempionatının səkkizdəbir final mərhələsinin növbəti oyunu keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kopenhagendəki “Parken” stadionunda baş tutan görüşdə Xorvatiya və İspaniya milliləri üz-üzə gəliblər.

Türkiyəli FIFA referisi Cüneyt Çakırın idarə etdiyi görüş İspaniya yığmasının 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda ilk təhlükəli vəziyyəti İspaniya millisi 16-cı dəqiqədə yaradıb. Sürətli hücum təşkil edən Serxio Busketsin mərkəzdən cərimə meydançasına ötürməsindən sonra Koke zərbəsini rəqib qapıçı çətinlikdə dəf edib.

Buna baxmayaraq qarşılaşmanın 20-ci dəqiqəsində Xorvatiya millisi hesabda önə çıxıb.
İspaniya millisinin futbolçusu Pedrinin ötürməsini qapıçının qəbul edə bilməməsi nəticəsində avtoqol qeydə alınıb.

Qoldan sonra İspaniya seçməsi rəqibin qapısı qarşısında təhlükəli vəziyyətlər yaradaraq matçın 38-ci dəqiqəsində hesabı bərabərləşdirməyə nail olublar. Pablo Sarabiya fərqlənərək komandası üçün vacib qola imza atıb.

Birinci hissə 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Fasilədən sonra oyuna daha inamla davam edən ispanlar qarşılaşmanın 58-ci dəqiqəsində hesabda irəli çıxıblar.

Ferran Torresin cinah ötürməsindən sonra topa hamıdan tez yetişən Sezar Aspilikueta qapıya dəqiq baş zərbəsi endirib.

Qarşılaşmanın 77-ci dəqiqəsində İspaniya millisi üçüncü dəfə fərqlənib. Ferran Tores fərdi ustalığı sayəsində qapıçı ilə təkbətək qalaraq mübarizədən qalib ayrılıb.

Görüşün 84-cü dəqiqəsində Xorvatiya seçməsi hesab arasındakı fərqi yenidən bir topa endirib. Mislav Orşıç cərimə meydançasında qarışıqlıqdan istifadə edərək adını tabloya yazdırıb. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə xorvatlar geridönüş edərək yenidən fərqlənməyə nail olublar. Mario Paşaliş Mislav Orşıçin ötürməsini dəqiq baş zərbəsi ilə tamamlayıb.

Görüşün əsas vaxtı 3:3 hesabı ilə heç-heçə başa çatıb.

Oyunda qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissədən ibarət əlavə vaxt oynanılıb.

Artırılan birinci hissənin 10-cu (100-cu) dəqiqəsində İspaniya millisi daha bir qol vurub. Alvaro Morata komandasının vacib qoluna imza atıb. Bu da oyunda son qol olmayıb. Qoldan üç dəqiqə sonra İspaniya millisinin yarımmüdafiəçisi Mikel Oyarsabal oyunda son nöqtəni qoyub.

Beləliklə, İspaniya millisi Xorvatiyanı 5:3 hesabı ilə məğlub edərək dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

İspaniya seçməsi növbəti mərhələdəki rəqibi Fransa və İsveçrə cütünün qalibi olacaq.

Qeyd edək ki, günün son oyununda Fransa və İsveçrə milli komandaları üz-üzə gələcək. Buxarestdəki "Milli Arena" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Baş hakim argentinalı Fernando Rapallini olacaq.

Xatırladaq ki, dörddəbir final mərhələsinin dörd iştirakçısı artıq müəyyənləşib. İyulun 2-də Münhendə Belçika və İtaliya milliləri qarşılaşacaqlar. İyulun 3-də Bakıda keçiriləcək oyunda isə Çexiya və Danimarka milliləri görüşəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: