Gənclərin Şahbuz rayonuna ekskursiyası təşkil olunub - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və təşkilatın Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən “Naxçıvanı tanıyaq!” devizi altında gənclərin Şahbuz rayonuna ekskursiyası təşkil olunub.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ekskursiya çərçivəsində partiyanın gənc üzvləri Xalq şairi Məmməd Arazın ev-muzeyi, Şahbuz Dövlət Təbiət Qoruğu və Batabat Astrofizika Rəsədxanasında olublar.
Nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva və Gənclər Fondunun əməkdaşı Çingiz Ağayev ekskursiyanın əhəmiyyəti barədə danışıblar. Qeyd olunub ki, zəngin tarixi keçmişi, ədəbi-mədəni mühiti, özünəməxsus mətbəxi, rəngarəng təbiəti, milli-mənəvi dəyərlərini qoruyaraq bu günümüzə daşıyan Naxçıvan müasir dövrdə də öz füsunkarlığı ilə göz oxşayır. Bunun nəticəsidir ki, muxtar respublikaya olan turist marağı ildən-ilə artmaqdadır. Qədim diyarın turizm potensialını gənclərimizə tanıtmaq, təbliğ etmək üçün müxtəlif layihələr icra olunur. “Naxçıvanı tanıyaq!” devizi ilə təşkil olunan ənənəvi ekskursiyalar da bu baxımdan faydalı olacaq.
Ekskursiyada iştirak edən gənclər sosial şəbəkələrdə paylaşım məqsədilə fotolar, xatirə şəkilləri çəkiblər. Gəzinti Ağbulaq İstirahət Mərkəzində təşkil olunan çay süfrəsi ilə yekunlaşıb.