Vasko Vujoviç: “Araz-Naxçıvan”ın irimiqyaslı yarışlarda çoxillik təcrübəsi var

A- A A+

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsində təmsilçimiz “Araz-Naxçıvan”ın rəqiblərindən olan Finlandiya “Kampuksen Dinamo”sunun baş məşqçisi Vasko Vujoviç püşkü dəyərləndirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Monteneqrodan olan mütəxəssis xüsusilə də “Araz-Naxçıvan”la oyunda ehtiyatlı olmağın vacibliyini vurğulayıb: “Bu yarışda komandaların fiziki hazırlığı xüsusi rol oynayacaq. Adətən qrupun ən yüksək reytinqə malik iki komandası son turda üz-üzə gəlirlər. Növbəti mərhələyə yüksələcək yeganə iştirakçının kimliyinə bu matçda aydınlıq gətirir. Ona görə də ilk iki oyunda mümkün qədər xal itkisinə yol verməməlisən. Buna görə də komandanın üzvləri fiziki cəhətdən hazır olmalıdırlar ki, mübarizəni son saniyəyə qədər davam etdirməyi bacarsınlar”.

“Təbii ki, püşkə əsasən qrupun bir nömrəli komandaları arasında ən güclüsü bizim “kvartet”də yer alıb. “Araz-Naxçıvan”ın irimiqyaslı yarışlarda çoxillik təcrübəsi var. Hətta onlar bir neçə dəfə yarışın mükafatçıları sırasına düşüblər. Onlarla bərabər digər güclü komanda Serbiyanın FON komandasıdır. Bu komanda E qrupunda yarışacaq. Bizim bəxtimizə isə ən güclüsü düşdü. Onların heyətlərində bir neçə güclü futzalçı var”, - deyə mütəxəssis əlavə edib.

Vasko Vujoviç bildirib ki, diqqəti yalnız favortilə oyuna yönəltməyəcəyik. Bütün komandalar bizim üçün ciddi rəqiblərdir. Çünki hər biri öz ölkəsinin çempionudur və bura daxili yarışda rəqiblərini məğlub edərək vəsiqə qazanıblar. Ona görə də hər birinə hörmətlə yanaşmalıyıq. İyul-avqust aylarında ciddi hazırlıq keçəcəyik. İdmanın ən nüfuzlu klub yarışında iştirak etmək bizim üçün böyük imtiyazdır. Çalışacağıq ki, ölkəmizi layiqincə təmsil edək.

Qeyd edək ki, “Araz-Naxçıvan” F qrupunda “Kampuksen Dinamo” (Finlandiya), “Raba” (Latviya) və “Europa” (Cəbəllütariq) klubları ilə qarşılaşacaq. Qrupun oyunları avqustun 20-dən 25-dək Latviyada keçiriləcək. Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: