Türkiyənin Malatya şəhərində şahmat üzrə 6-cı beynəlxalq “Qızıl ərik” şahmat festivalında Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirmələri də iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, turnirin reqlamentinə əsasən 10 ölkədən 495 şahmatçı 5 qrupda mübarizə aparıb. “A” qrupunda mübarizə aparan FİDE ustası Pərviz Qasımov keçirdiyi 9 görüşdən 7 xal toplayıb və üçüncü olub. Eyni zamanda zəka sahibimiz beynəlxalq əmsalını 27,1 (2314) xal artıraraq beynəlxalq usta normasının ilk balını toplayıb.
“B” qrupunda çıxış edən Tural Zeynalov 198 zəka sahibi arasında 7-ci olub. Belə ki, şahmatçımız 9 turdan 7 xal toplayıb və beynəlxalq əmsalını 20,6 (1682) xal artırıb.
14 yaşlı şahmatçıların mübarizəsində uğurlu nəticəni Nazlı Hümbətova əldə edib. İdmançımız, ümumilikdə, dördüncü, qızlar arasında isə ikinci olub.
10 yaşlı zəka sahiblərinin mübarizəsində Hüseyn Qənbərli 9 turdan ibarət festivalda 6,5 xal toplayaraq 5-ci yerlə kifayətlənib.
Sonda şahmatçılarımıza təşkilatçılar tərəfindən diplom, medal, kubok və pul mükafatı təqdim olunub.