İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi çərçivəsində Türkiyənin "BOTAŞ" şirkəti Azərbaycan tərəfinə müvafiq layihə sənədlərini təqdim edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib."SOCAR bu layihədə hazırda birbaşa iştirak etmir, sadəcə iki ölkə arasındakı məlumat mübadiləsində vasitəçidir. "BOTAŞ" şirkəti tərəfindən təqdim olunan layihə ölkəmizin müvafiq dövlət orqanlarına təqdim olunub və hazırda baxılır", - İ. Əhmədov vurğulayıb.
Azərbaycan Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov isə xatırladıb ki, ötən ilin dekabr ayında Energetika Nazirliyi ilə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb.
"Bu müqavilə hər iki ölkənin müvafiq şirkətlərinin, yəni SOCAR və "BOTAŞ"ın təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verib. Hazırda işlər davam etdirilir", - deyə C. Mikayılov qeyd edib.