Naxçıvanda tir atıcılığı üzrə muxtar respublika birinciliyində 40 idmançı mübarizə aparıb - FOTOLAR
Naxçıvan şəhərində yerləşən Atıcılıq və Əyləncə Mərkəzində tir atıcılığı üzrə muxtar respublika açıq birinciliyi keçirilib. Yarışda 40 idmançı qələbə uğrunda mübarizə aparıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyası tərəfindən birgə təşkil etdiyi birincilik gənclərə vətənpərvərlik ruhunun aşılanması, asudə vaxtlarının səmərəli təşkili və atıcılıq idman növlərinin təbliği məqsədilə keçirilib.
Qaydalara əsasən, hər iştirakçıya 5 atış imkanı yaradılıb, hədəfin vurulması dəqiqliyinə uyğun olaraq hesablamalar aparılıb.
Nəticələrə gəlincə, Elxan Rzayev ən yüksək göstərici ilə birinci yerə layiq görülüb. Növbəti iki sıranı müvafiq ardıcıllıqla Mahmud Vəliyev və Əjdər Mustafayev tamamlayıblar.
İlk üçlükdə qərarlaşan iştirakçılara diplom, kubok və peyntbol mərmiləri təqdim edilib.