Milli Paralimpiya komandamız rekord sayda lisenziya ilə "Tokio-2020"də Azərbaycanı təmsil edəcək.
Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, atletika üzrə milli komandamızın üzvü Orxan Aslanov reytinq xalları qazandıran yarışlarda yüksək nəticə göstərərək ölkəmiz üçün növbəti 35-ci lisenziyanı təmin edib.
Bu günədək AMPK-nın idmançıları "Tokio-2020" Yay Paralimpiya Oyunlarına artıq 35 lisenziya əldə ediblər. Onlardan 11-i cüdo, 11-i atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.
Qeyd edək ki, "Rio-2016" XV Yay Paralimpiya Oyunlarına Azərbaycan milli komandası 22 lisenziya qazanmışdı.