Tokioda Azərbaycan idmançılarının da iştirak etdiyi Yay Olimpiya Oyunları davam edir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, ölkəmizi nüfuzlu idman tədbirində təmsil edəcək 5 boksçudan biri də Naxçıvan Boks Federasiyasının yetirməsi Tayfur Əliyevdir. Bu gün start götürəcək boks yarışlarında 1/16 final mərhələsinin görüşləri keçiriləcək. 52-57 kq çəki dərəcəsində yarışacaq gənc dəri əlcək ustasının ilk sınağında rəqib Vyetnam idmançısı Van Duonq Ncuyendir. Proqrama əsasən, görüş Bakı vaxtı ilə saat 13:36-da başlayacaq.
52-57 kq çəkidə ümumilikdə 27 idmançı iştirak edir. Görüşlər “Ryoqoku Kokuqikan” İdman Sarayında keçiriləcək. Çempion 5 avqustda - final qarşılaşmasında məlum olacaq.
Xatırladaq ki, Tayfur Azərbaycan milli komandasının heyətində İtaliya, Türkiyə, Özbəkistan və ölkəmizdə təşkil olunan təlim-məşq toplanışlarında iştirak edib.