Naxçıvanda ilk dəfə çimərlik voleybolu üzrə yoldaşlıq görüşü keçirildi - FOTOLAR
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, arenada keçirilən ilk voleybol matçında “Naxçıvan” və “Culfa” komandaları meydanda olub. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə keçirilən oyun muxtar respublikada bu idman növünün inkişafına təkan vermək və irimiqyaslı yarışlar üçün hazırlıq məqsədilə təşkil olunub.
Görüş culfalıların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Gənclər və İdman Nazirliyi və Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə reallaşan oyunun sonunda hər iki komandaya voleybol topları hədiyyə edilib.
Qeyd edək ki, Uzunoba Təlim-Məşq İdman Kompleksinin istifadəyə verilməsi ilə çimərlik futbolu stadionunda voleybol oyunlarının keçirilməsi üçün də əlverişli zəmin yaranıb. Bu önəmli hadisə ilə Naxçıvanda uzun illərə dayanan voleybol ənənələri də yeni mərhələyə qədəm qoyub.