Yeniyetmə şahmatçılar arasında dünya kuboku yarışları davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 10-12-14-16-18 yaşlı yeniyetmələr arasında rapid üzrə onlayn dünya kuboku yarışlarında ölkəmizi müxtəlif yaş qruplarında 29 zəka sahibi təmsil edir.
Artıq 18 yaşlı qızlar arasında 6-cı turun oyunları yekunlaşıb. Altı turdan sonra təmsilçilərimizdən Gövhər Beydullayeva 5 xal toplayaraq üçüncü yerdə qərarlaşıb. Ayan Allahverdiyeva 4,5 xal, Ləman Hacıyeva isə 4 xal toplayıblar.
On yaşlı oğlanların yarışında 6 turun nəticəsinə görə, Xaqan Əhməd 5 xal qazanıb. O, bu göstərici ilə liderdən cəmi yarım xal geri qalır. Təmsilçilərimiz Əhməd Hüseynov, Tariyel Şərifov, Kamil Sadıqov hərəyə 3 xal toplayıblar.
Əsasnaməyə görə, yarış iki mərhələ üzrə keçirilir. Seçmə mərhələ İsveçrə sistemi üzrə təşkil olunub və 10 turdan ibarətdir. Final mərhələsi isə Olimpiya sistemi üzrə keçiriləcək.
Qeyd edək ki, hər yaş qrupunda ilk 3 yeri tutan şahmatçılar dekabrda FIDE tərəfindən planlaşdırılan rapid üzrə onlayn super finala, 4-8-ci yerlərin sahibləri isə noyabrda təşkil olunacaq Qran-pri seriyasına vəsiqə qazanacaqlar.
Seçmə mərhələlər avqustun 1-dən 5-dək (10 yaşlı oğlanlar və 18 yaşlı qızlar), 6-dan 10-dək (12 yaşlı oğlanlar və 16 yaşlı qızlar), 11-dən 15-dək (14 yaşlı oğlanlar və qızlar), 16-dan 20–dək (16, 18 yaşlı oğlanlar və 10, 12 yaşlı qızlar) baş tutacaq. Avqustun 26-dan 31-dək yarışın final mərhələsi keçiriləcək.