Kənd komandaları arasında futbol üzrə şəhər və rayon birinciliyində növbəti turun oyunlarına yekun vurulub
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, şəhər və rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə gənclərdən ibarət kənd komandaları arasında təşkil edilən futbol üzrə şəhər və rayon birinciliyində növbəti turun oyunlarına yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Naxçıvan şəhəri üzrə keçirilən birincilikdə növbəti mərhələyə Qaraçuq kənd komandası yüksəlib. Qaraçuq futbolçuları Bulqan kənd komandasını 9:2 hesabı ilə məğlub ediblər.
Şərur rayonu üzrə iki görüş keçirilib. Xələc kənd komandası Aşağı Yaycını (4:0), Kürçülü kənd komandası isə Çərçiboğan komandasını (6:5) məğlub edərək növbəti mərhələyə yüksəliblər.
Babək rayonu üzrə Kültəpə komandası Cəhri (3:0), Şahbuz rayonu üzrə Kolanı komandası Biçənək (3:0), Culfa rayonu üzrə isə Xanəgah komandası Saltaq komandaları (3:0) üzərində qələbə qazanıblar.
Ordubad rayonu üzrə Əndəmic komandası “Ordubad gənclər birliyi” (2:1), Kəngərli rayonu üzrə Qıvraq qəsəbə komandası Yurdçu (6:1), Sədərək rayonu üzrə isə Sədərək komandası” Sədərək-1” komandaları (6:4) üzərində qələbə qazanıblar.
Qeyd edək ki, şəhər və rayonlar üzrə I, II, III yerləri tutmuş komandalar kubokla, həmin komandaların üzvləri və oyunu idarə edən hakimlər Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılacaqlar.