Naxçıvan karateçiləri “Çanaqqala” turnirində 7 medal qazanıblar - FOTOLAR

A- A A+

Türkiyədə “İstiqlal Marşı”nın qəbul edilməsinin 100-cü ildönümünə həsr olunmuş V Çanaqqala Açıq Beynəlxalq Karate Turnirində Naxçıvan Karate-do Federasiyasının idmançıları da iştirak ediblər.

Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, qaydalara əsasən, idmançılar eyni anda müvafiq və bir üst kateqoriyada keçirilən kumite yarışlarında iştirak etmək imkanı qazanıblar. Təmsilçilərimiz bu fürsəti lazımi şəkildə dəyərləndirə biliblər. Turnirə qatılan 3 karateçimizdən hər biri uğurlu nəticə göstərərək adını mükafatçılar sırasına yazdırıb.

Naxçıvanlı idmançı Rafiq Hüseynli müvafiq çəki dərəcələri üzrə 10 yaşlılar arasında 1 qızıl, 1 gümüş və “11 yaş” kateqoriyasında 1 gümüş medal əldə edib, əlavə olaraq komanda tərkibində üçüncülük qazanıb. Nərgiz Həsənli isə 12 yaşlılar arasında (49+ kiloqram) birinciliyi əldə edərək qızıl medal qazanıb, özündən bir yaş böyüklərin yarışında isə 3-cü pillədə qərarlaşıb. Digər idmançımız Yaqub Qəmbərov 13 yaşlılar arasında bürünc medala layiq görülüb. Beləliklə, Naxçıvan karateçiləri beynəlxalq turniri 2 qızıl, 2 gümüş və 3 bürünc medalla tamamlayıblar.

Qeyd edək ki, ənənəvi yarışda 5 ölkə, 80-dən çox klub və vilayət təmsilçiləri olmaqla, ümumilikdə 500-dən çox idmançı iştirak edib. Yarışlar “kata” və “kumite” üzrə keçirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: