Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası turnirə hazırlığı başa vurub. İki ay davam edən hazırlıq mərhələsində, qızlarımız Mingəçevirdə, Bakıda, ardınca Yunanıstanda, Macarıstanda, Bosniya və Herseqovinada təlim-məşq toplanışları və yoxlama oyunları keçiriblər.
NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, Vüqar Əliyevin rəhbərlik etdiyi komanda Bosniya və Herseqovinada məşqlərdə tam heyətlə iştirak edib. Bir müddət əvvəl əməliyyat keçirən voleybolçu Olena Xarçenko da Bosniya və Herseqovinada komanda ilə birgə məşqlərə qatılıb. Bəzi təcrübəli voleybolçularımız isə bu Avropa çempionatında komandamıza kömək edə bilməyəcəklər. Buna səbəb həmin oyunçuların zədələrinin bərpa mərhələsinin başa çatmaması olub.
Pandemiya səbəbindən məşqsiz qalan voleybolçularımız uzun fasilədən sonra iki ay təlim-məşq toplanışlarında və yoxlama oyunlarında öz əvvəlki formalarını bərpa etməyə çalışıblar. Onlar ciddi həkim nəzarəti ilə məşq ediblər. Çünki bəzi voleybolçularımız hazırlıq prosesində bel və diz zədələri ilə üzləşiblər. Buna baxmayaraq qızlarımız həkimin müalicə protokolunu və fiziki məşqçinin verdiyi proqramları yerinə yetirərək tezliklə meydançaya qayıtmaq üçün əllərindən gələni ediblər.
Gənc oyunçuların da cəlb olduğu komandada 4 voleybolçumuz ilk dəfə Avropa çempionatında mübarizə aparacaq. Yığmamız ardıcıl 9-cu dəfədir ki, Avropa çempionatında iştirak edəcək.
Avropa çempionatında komandamızın heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk çıxış edəcəklər. Bu yarışda milli komandamıza Vüqar Əliyev rəhbərlik edəcək. V.Əliyevə Eldar Yusubov, Emin Əbilov və Sinişa Popek kömək edəcəklər. Yığmamız Bosniya və Herseqovinadan bir başa çempionatın keçiriləcəyi Serbiyanın paytaxtı Belqrada yollanıb.
Qeyd edək ki, A qrupunda yarışacaq komandamızın ilk matçı avqustun 20-də Belçika millisinə qarşı olacaq. Ertəsi gün yığmamız Bosniya və Herseqovina, ayın 22-də Rusiya, iki gün sonra Serbiya, avqustun 25-də isə Fransa ilə qarşılaşacaq.
Komandamızın oyunları İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.