Latviyanın paytaxtı Riqada yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyi başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qitə birinciliyində 3 qızıl, 1 gümüş, 2 bürünc medal qazanan komandamız ümumi hesabda ikinci yeri tutub. Birinci yerdə Rusiya komandası (5 qızıl, 4 gümüş, 2 bürünc medal) qərarlaşıb. Üçüncü yeri isə İsrail yığması (2 qızıl, 1 gümüş, 1 bürünc medal) tutub.
Qeyd edək ki, qızıl medalları komandamızın aktivinə Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) yazdırıblar. Aydın Rzayev (60 kq) gümüş, Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) bürünc medal qazanıblar.
Yarışda 37 ölkənin komandası mübarizə aparıb. Milli komandamız Avropa birinciliyinə 14 cüdoçu (10 oğlan, 4 qız) ilə qatılıb.