Azərbaycan cüdoçuları Aişə Qurbanlı və Əliyeva Leyla bu gün Belarusun paytaxtı Minskdə start götürən açıq Avropa Kubokunda bürünc medal uğrunda görüşdə rəqib olublar.
NUHÇIXAN xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançılar fərqli şəkildə "bürünc" uğrunda görüşə vəsiqə qazanıblar. Qurbanlı 1/8 finalda rusiyalı Kristina Bulqakovanı, ardınca isə britaniyalı Kelli Stadonu məğlub etsə də, yarımfinalda qazaxıstanlı olimpiya mükafatçısı Otqonseseq Qalbadraxa uduzub.
Əliyeva isə 1/8 finalda italiyalı Elis Adrastini üstələsə də, rusiyalı Tatyana Ayakinaya uduzub. O, təsəlliverici görüşdə belaruslu Yevgeniya Şaloikaya qalib gələrək Qurbanlıya rəqib olub.
Qeyd edək ki, Azərbaycanın bu gün mübarizə aparan digər 7 cüdoçusu - Elbrus Zamanov, Timur Boyev, Tərlan Kərimov (hamısı 66 kq), Şəfəq Məmmədova, Gülşən Nəzərova (hər ikisi 52 kq), Purevsuren Buyanxişiq və Səkinə Zayirova (hər ikisi 57 kq) fəxri kürsüyə yüksələ bilməyiblər.