Avqustun 18-də futbol üzrə İngiltərə Premyer Liqasının ikinci turunda London derbisi oynanılacaq.
NUHÇIXAN xəbər verir ki, futbolsevərlərin maraqla gözlədikləri “Çelsi” və “Arsenal” klubları “Stanford Bric” stadionunda üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Bu komandalar arasında ilk oyun 1907-ci ilə təsadüf edir. Həmin görüşdə “Çelsi” 2:1 hesabı ilə qələbə qazanıb. Ümumilikdə paytaxt təmsilçiləri 162 dəfə qarşılaşıblar, 62 oyunda “Arsenal”, 51 görüşdə isə “Çelsi” qalib gəlib. Qırx doqquz oyun isə heç-heçə başa çatıb.
Hər iki komanda çempionata yeni baş məşqçilərin rəhbərliyi ilə başlayıblar. Belə ki, 22 illik fəaliyyətdən sonra Arsen Venqer “Arsenal” klubundan ayrılıb. Onun yerinə PSJ klubunun sabiq baş məşqçisi Unay Emeri təyin olunub. “Çelsi” klubunda isə Antonio Kontenin yerinə Maurisio Sari baş məşqçi vəzifəsinə təyin edilib.