Avqustun 19-da İngiltərə Premyer Liqasının ikinci turunun növbəti oyunu keçirilib.
NUHÇIXAN xəbər verir ki, sonuncu çempion "Mançester Siti" doğma meydanda "Haddersfild" klubunu qəbul edib.
"Etihad" stadionunda keçirilən qarşılaşmada ilk qol 25-ci dəqiqədə vurulub. "Mançester Siti"nın qapıçısı Edersonun ötürməsindən sonra Kun Aguera dəqiq zərbə ilə hesabı açıb - 1:0. Qoldan yeddi dəqiqə sonra hesab arasındakı fərq iki topa çatıb. Qabriyel Xesus yaxın küncü dəqiq nişan alıb - 2:0. Birinci hissənin əsas vaxtına 10 dəqiqə qalmış Pep Qvardiolanın yetirmələri qonaqları üçüncü dəfə meydanın mərkəzindən başlamağa məcbur edib. "Haddersfild" klubunun qapıçısı Ben Hamerin səhvini K.Aguera bağışlamayıb - 3:0. Oyunun 43-cü dəqiqəsində qonaqlar Con Stankoviçin zərbəsi ilə qollardan birinin əvəzini çıxıb - 3:1. Birinci hissə bu hesabla başa çatıb.
Fasilədən sonra da daha üstün oyun nümayiş etdirən meydan sahibləri matçın 48-ci dəqiqəsində hesab arasındakı fərqi yenidən üç topa çatdırıb. Oyunun baş hakimi Andrea Marinerin təyin etdiyi 28 metrlik cərimə zərbəsini David Silva dəqiq yerinə yetirib - 4:1. Daha sonra qarşılaşmanın 75-ci dəqiqəsində Benjamen Mendinin künc ötürməsini K.Aguera qola çevirib (5:1).
Oyunda son nöqtəni də "Mançester Siti" klubu qoyub. Komandanın gənc oyunçusu Leroy Sane sol cinahdan iki müdafiəçini keçərək qapıya zərbə endirib, top qonaqların oyunçusu Terenc Kongoloya dəyərək qapıdan keçib - 6:1.
Xatırladaq ki, ilk turda "Haddersfild" "Çelsi" klubuna 0:3 hesabı ilə uduzub. "Mançester Siti" isə "Lester Siti"dən üstün olub (2:1). İngiltərə Premyer Liqasının üçüncü turunda "Mançester Siti" səfərdə "Volverhemton", "Haddersfild" isə "Kardiff Siti" ilə qarşılaşacaq.