Sambo idman növü üzrə Avropa çempionu Tural Allahverdiyev: Bu cür layihələrin ard-arda Naxçıvanda təşkil edilməsi böyük bir əlamətdar hadisədir

A- A A+

“Marş irəli” layihəsi üçün Naxçıvana gələn sambo idman növü üzrə Avropa çempionu Tural Allahverdiyev təəssüratlarını jurnalistlərlə bölüşüb.

NUHÇIXAN İnformasiya Agentliyi həmin fikirləri təqdim edir:

“Naxçıvan haqqında indiyə kimi ümumi məlumatım var idi, amma gəlib görmək bu günə nəsib imiş. Orta məktəbdə oxuduğumuz vaxtlardan müəllimimiz tarix dərslərində Naxçıvanın çoxəsrlik tarixindən, buranın insanlarının qonaqpərvərliyi, coğrafiyasının əlvanlığı, təmiz havası, zəngin flora və faunası haqqında bizə maraqlı məlumatlar vermişdi. Azərbaycanın bir çox regionlarına səfər etsəm də, Naxçıvanda olduğum bu iki gün müddətində, həqiqətən, bu günə qədər haqqında eşitdiyim müsbət fikirlərin bir daha şahidi oldum. İnsanların səmimiyyəti, qonaqpərvərliyi bizdə xoş təəssürat oyadır. Ən əsası da odur ki, bu cür layihələrin ard-arda Naxçıvanda təşkil edilməsi, düşünürəm ki, böyük bir əlamətdar hadisədir. Çünki Ali Baş Komandan cənab İlham Əliyevin vurğuladığı kimi Naxçıvan əsgərləri, daha doğrusu, ordumuzun naxçıvanlı qəhrəmanları 44 günlük Vətən müharibəsində fəal iştirak edərək öz sarsılmaz qüdrətləri, bükülməz dəyanətləri ilə düşmənə gözdağı verdi. Bu gün həm bir Azərbaycan gənci, həm də müstəqil bir dövlətin vətəndaşı kimi şadam, sevincliyəm ki, rəşadətli ordumuzun əldə etdiyi Zəfər hər birimizin simasında böyük xoşbəxtlik yaratdı. Bunun nəticəsidir ki, dövlətimiz tərəfindən biz gənclərin vətənpərvər ruhda formalaşması üçün bir sıra silsilə tədbirlər keçirilir. Bu mənada, həmin tədbirlərin davamı kimi təşkil olunan “Marş İrəli” hərbi simulyasiya layihəsi də sırf gənc nəslin Vətənə sədaqət ruhunda yetişməsi üçün böyük rol oynayır. Artıq bir neçə gündür ki, layihədə fəal şəkildə iştirak edirik. Burada bizlərə göstərilən diqqət, sözün əsl mənasında, təqdirəlayiqdir. Vaxtımızı səmərəli keçirmək üçün təşkil olunan komanda oyunları, hərbi təlim məşqləri həm maraqlı, həm də faydalıdır. Bununla yanaşı, Naxçıvanın bir çox gəzib-görməli yerlərinə ekskursiyaların təşkil olunması bizlərin həm də dünyagörüşünü formalaşdırır. Bu gün də bu səxavətli yurdun ən gözəl məkanlarından biri olan, füsunkar mənzərələrinin sorağını hər yerdə eşitdiyimiz Batabatda olduq. Torpağına ayaq basdığımız ilk andan təmiz havanın insanda yaratdığı xoş ovqatı hiss edir, ruhunla duyursan. Naxçıvanlı dostlarımız deyir ki, yayın ilk aylarında Batabatın mənzərələri tamam başqa olur. Burada ön xətdə əsgərlərimizin necə ruh yüksəkliyi, rəşadətlə Vətənimizin keşiyində dayanmasını görmək hədsiz qürurvericidir. Müşahidə məntəqələrindən ordunun nəzarətində olan əraziləri izləyərkən bir daha qürurla düşünürsən ki, müzəffər Ordunun, qüdrətli xalqın torpağı basılmaz”.

Məcid Rəşadətoğlu

"Şərq qapısı" qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: