Azərbaycan Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında daha iki medal qazanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, oğlanlar və qızlardan ibarət stolüstü tennis üzrə yığma komandalarımız yarışda bürünc medal qazanıblar.
Oğlanlardan ibarət yığmanın heyətində Adil Əhmədzadə, Emin Məmmədov, Vəzir Allahverdiyev və İbrahim Məhəmməd Ansari mübarizə aparıblar. Qızların yarışında isə Ləman Abdulhəmidova, Aylin Əsgərova, Nəzakət Qarayeva və Mərziyyə Nurmətova çıxış ediblər.
Bununla da Azərbaycan komandası birinci MDB Oyunlarında qazandığı medalların sayını 36-ya çatdırıb. Medallardan 11-i qızıl, 6-sı gümüş, 19-u bürüncdür.
Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.