Azərbaycan tayboksçusu Leyana Sayer Kazanda keçirilən birinci MDB Oyunlarında gümüş medal qazanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda 51 kiloqram çəki dərəcəsində çıxış edən qadın tayboksçumuz finalda belaruslu Albina Posoxla qarşılaşıb. Həlledici mərhələdə rəqibinə məğlub olan idmançımız yarışı ikinci pillədə başa vurub.
Bununla da Azərbaycan komandası birinci MDB Oyunlarında qazandığı medalların sayını 37-yə çatdırıb. Medallardan 11-i qızıl, 7-si gümüş, 19-u bürüncdür.
Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.