“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı: Naxçıvanlı gənclər hər zaman ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında xüsusi fəallıqları ilə seçiliblər.

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, artıq yekunlaşmaq üzrə olan “Marş İrəli” layihəsi üçün Naxçıvana gələn “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı təəssüratlarını jurnalistlərlə bölüşüb.

“Gənclərin Vətənə, torpağa, milli-mənəvi dəyərlərə sadiq, hərbi-vətənpərvərlik ruhunda yetişməsinə xüsusi diqqət yetirilməsi dövlət gənclər siyasətinin ana xəttini təşkil edir. “İrəli” İctimai Birliyi olaraq biz də daim ölkə başçısının müəyyənləşdirdiyi bu siyasət istiqamətində fəaliyyətimizi qurmağa çalışırıq və ötən dövr ərzində gənclərin hərtərəfli inkişafına yönələn müxtəlif səpkili layihələr reallaşdırmışıq. Vətənpərvərlik istiqamətində həyata keçirdiyimiz layihələr sırasında 2018-ci ildən start götürən “Marş İrəli” layihəsi xüsusilə seçilir. Layihə, əsasən, ön xətdə yerləşən bölmələrdə keçirilir. İlk olaraq Ağdam rayonunda həyata keçirmişik. O zaman rayonun əksər hissəsi işğal altındaydı. Ancaq müzəffər Ordumuzun qüdrəti nəticəsində artıq Qarabağımız azadlığına qovuşduğundan gələcəkdə həmin ata-baba torpaqlarımızda da “Marş İrəli” layihəsini uğurla reallaşdıra biləcəyik. Bu məqamda, xüsusilə qeyd etmək yerinə düşər ki, mən özüm də daxil olmaqla, layihədə iştirak edən 18 gəncimiz ötən il 44 günlük Vətən müharibəsində könüllü iştirak edərək torpaqlarımızın azadlığı uğrunda vuruşub və nəticədə, həmin oğullar ölkə başçısının müvafiq sərəncamları ilə medallarla təltif olunublar. Mən də Cəbrayılın və Füzulinin azad olunmasına görə medallara layiq görülmüşəm. Məhz bu amil “Marş İrəli”nin effektivliyinin bariz göstəricisi kimi layihənin mühümlüyünü ortaya qoydu. Qalib ölkənin gəncləri kimi 3-cü layihəni Göygöldə keçirdik və nəhayət, 4-cü “Marş İrəli” Naxçıvanda baş tutur. Naxçıvanlı gənclər hər zaman ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında xüsusi fəallıqları ilə seçiliblər. Bu baxımdan növbəti layihənin burada reallaşdırılması heç də təsadüfi deyildir. Onu da qeyd edim ki, əvvəllər bir neçə dəfə layihələr, tədbirlər üçün muxtar respublikaya gəlmişdim, ancaq hər dəfə səfərim qış aylarına düşürdü. Sevinirəm ki, budəfəki gəlişimiz yay mövsümünə təsadüf etdi və Naxçıvanın ilin bu vədəsindəki görünüşünü, gözəlliyini görə, duya bildim. Belə ki, layihə çərçivəsində gənclərin mənəvi-psixoloji hazırlığı, vətənpərvər ruhunun yüksəldilməsinə yönələn tədbirlər keçirməklə yanaşı, asudə vaxtının da səmərəli təşkili üçün muxtar respublikanın bir sıra gəzməli-görməli yerlərinə getdik. Gözəlliklər diyarı Batabat yaylağında, möcüzələr məkanı Əshabi-Kəhfdə olduq, Naxçıvan şəhərinin tarixi-mədəni abidələrini ziyarət etdik, bu qədim diyarın təmiz, saf dağ havasından, büllur bulaqlarının suyundan daddıq. İstər bu yurdun tarixi, mənəvi zənginliyindən, istərsə də insanlarının səmimi, mehriban münasibətindən çox məmnun qaldıq. Bir neçə gün ərzində keçirilən müxtəlif hərbi idman oyunlarında, təlimlərdə, praktik sessiyalarda, yarışlarda naxçıvanlı gənclərin aktivliyini müşahidə etdim. Deyərəm ki, gözlədiyimizdən də üstün şəkildə öz bilik və bacarıqlarını göstərdilər. Layihənin keçirilməsi üçün yaradılan şərait isə lap ürəyimizcə oldu və bütün bunlara görə təşkilatçılara minnətdarlıq edirəm”.

                                               Nail Əsgərov

                                                                       Məcid Rəşadətoğlu

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: