“Naxçıvanı tanıyaq” devizi ilə yola çıxan gənclər bu dəfə Şərur rayonunda - FOTOLAR

A- A A+

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki,  “Naxçıvanı tanıyaq” devizi ilə gerçəkləşən ənənəvi ekskursiyaların davamı kimi gənclər bu dəfə Şərur rayonunda olublar. Gənclər və İdman Nazirliyi ilə Gənclər Fondunun birgə təşkil etdiyi ekskursiya çərçivəsində iştirakçılar Yengicə kəndindəki XVIII əsrə aid Şərq hamamı, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Cəlilkəndəki qədim buzxana və Cəlil Məmmədquluzadənin Xatirə Muzeyini ziyarət ediblər. 

Nazirliyin əməkdaşı Valeh Mahmudov və Gənclər Fondunun əməkdaşı Xanım İbrahimova ekskursiyanın keçirilmə məqsədi və önəmindən bəhs edərək bildiriblər ki, muxtar respublikanın tarixi-mədəni və turizm əhəmiyyətli məkanlarının tanıdılması, xalqımızın milli adət-ənənələrinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından bu tipli gəzintilərin təşkili diqqətdə saxlanılır. Qədim diyarın turizm potensialını gənclərimizə tanıtmaq, təbliğ etmək üçün müxtəlif layihələr icra olunur. “Naxçıvanı tanıyaq” devizi ilə təşkil olunan ənənəvi ekskursiyalar da bu məqsədlərə xidmət edir.

Ekskursiyalar zamanı gənclər tarixi abidələrlə bağlı ətraflı şəkildə məlumatlandırılıblar. İştirakçılar sosial şəbəkələrdə paylaşım məqsədilə fotolar, xatirə şəkilləri çəkiblər. Sonda ekskursiya iştirakçıları üçün çay süfrəsi təşkil olunub.

Qeyd edək ki, ekskursiyalar növbəti aylarda da davam etdiriləcək.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: