Futbol üzrə İngiltərə millisinin və “Mançester Yunayted” klubunun sabiq kapitanı Devid Bekhem UEFA prezidenti mükafatına layiq görülüb.
NUHÇIXAN xəbər verir ki, UEFA prezidenti Aleksander Çeferin bu barədə deyib: “Builki prezident mükafatının qalibi olaraq Devid Bekhemi seçirəm. Çünki o, beynəlxalq futbol səfiri kimi bu oyunun və onun dəyərlərinin planetin bütün bölgələrində geniş təbliğində mühüm rol oynayıb. O, humanitar sahədə danılmaz əməyinə, bütün dünyada uşaqlara göstərdiyi köməyə görə təltif olunmağa layiqdir. Devid öz dövrünün əsl futbol ikonasıdır”.
UEFA prezidenti mükafatı ilə təltif edilməsinin onun üçün böyük şərəf olduğunu deyən 43 yaşlı D.Bekhem bildirib: “Karyeram ərzində həmişə komanda ruhunun inkişafına və təbliğinə çalışmışam. Bu mükafata layiq görülən insanların sırasına daxil olmaqdan qürur duyuram”.
D.Bekhem futbol karyerasını 2013-cü ildə başa vurub. İngiltərə millisinin heyətində 115 oyunda 17 dəfə fərqlənən futbolçu “Mançester Yunayted”, “Real Madrid”, “Los-Anceles Qalaksi”, “Milan” və PSJ klublarının şərəfini qoruyub.
Qeyd edək ki, UEFA prezidentinin mükafatı 1998-ci ildən etibarən təqdim olunur. Mükafatın ilk sahibi Avropa Komissiyasının sədri Jak Delor olub. J.Delor 1999-cu, 2015-ci və 2016-cı illərdə də bu təltifə layiq görülüb. UEFA Prezidenti keçən il bu mükafatı “Roma” klubunun sabiq futbolçusu Françesko Tottiyə təqdim etmişdi.