Naxçıvanda gənclər təşkilatlarının 2022-ci il üçün fəaliyyət strategiyası planlaşdırılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ağbulaq İstirahət Mərkəzində “Gənclər təşkilatlarının 2022-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması düşərgəsi” təşkil olunub.

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə baş tutan 3 günlük düşərgədə ali və orta ixtisas təhsili müəssisələrinin gənclər təşkilatlarının rəhbər və üzvləri iştirak edib.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Anar İbrahimov və Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev qeyd ediblər ki, bu gün ölkəmizdə, eləcə də muxtar respublikada gənclərin təşkilatlanması üçün zəruri iqtisadi, hüquqi və təşkilati imkanlar yaradılıb. Dövlət qurumları ilə yanaşı, gənclərin inkişafına mühüm töhfələr verən bir çox gənclər təşkilatlarının da mövcudluğu gənclərlə iş prosesini daha sistemli hala salıb.

Qeyd olunub ki, keçirilən düşərgənin məqsədi növbəti il ərzində həyata keçirilməsi nəzərdə tutulan layihə və tədbirlər, yeni təşəbbüslər barədə müzakirələrin təşkili, tələbə gənclər təşkilatlarının fəallığının artırılması, gənclər təşkilatları arasında əlaqələrin genişlənməsi və şəbəkələşmənin inkişafıdır.

Sonra düşərgə çərçivəsində planlaşdırılan fəaliyyətlərə start verilib.

Bakı şəhərindən dəvət olunmuş təlimçi, təhsil və karyera konsultantı Fehruz Cəbrayılov tərəfindən “Liderlik və təşkilati quruculuq”, “Davranış bacarıqları” mövzularını əhatə edən təlimlər keçirilib. İştirakçılar, həmçinin “Nə? Harada? Nə zaman?” intellektual oyunu oynayıb, “Gələcəyə dönüş” filmini izləyib, komandalar daxilində fəaliyyət strategiyasının işlənib hazırlanması məşğələsində iştirak ediblər. Düşərgə iştirakçıları müxtəlif mövzuları əhatə edən təlimlərdə də iştirak edib, əmək qanunvericiliyi, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə məşğələ saatları təşkil edilib.

Düşərgənin sonuncu günündə “Nəqşicahan holdinq”in əməkdaşı Nəriman Qasımov “PR işi” mövzusunda təlim keçib və tələbə gənclər təşkilatları tərəfindən hazırlanan illik fəaliyyət strategiyası üzrə layihələrin təqdimatı və qiymətləndirilməsi aparılıb. Münsiflərin rəyinə əsasən Naxçıvan Dövlət Universitetini təmsil edən tələbə gənclər təşkilatlarının hazırladığı strategiya layihəsi qalib elan olunub.

Düşərgədə fəal iştirak edən gənclərə sertifikatlar təqdim olunub.

Keçirilən intellektual oyunlarda fəallıq göstərən komanda diplomla mükafatlandırılıb.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: