“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının 2021/2022-ci il mövsümündə ilk oyununu keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda turnirin birinci mərhələsindən mübarizəyə başlayıb. AFFA-nın təşkil etdiyi Gənclər kubokunun qalibi olan “qırmızı-qaralar” Niderland çempionu “Alkmaar”la qarşılaşıb.
Qəbələ şəhər stadionunda keçirilən ilk görüş məhsuldar alınıb. Qonaqların üstünlüyü ilə keçən qarşılaşmada Niderland təmsilçisi 4:0 hesablı qələbə qazanıb.
Xatırladaq ki, komandalar arasında cavab oyunu oktyabrın 20-də keçiriləcək.