AFFA bütün klublara “Nike” şirkətinin toplarını paylayacaq.
NUHÇIXAN-ın məlumatına görə, bunu Klublar Komitəsinin sədri Kamran Quliyev qurumun bugünkü iclasından sonra təşkil etdiyi brifinqdə deyib.
O, bildirib ki, toplar milli assosiasiya tərəfindən pulsuz veriləcək: “Bir neçə iclas bundan öncə AFFA-ya müraciət etmişdik ki, Avropada belə bir təcrübə var - böyük bir şirkətlə müqavilə bağlanılır və o şirkət çempionatı toplarla təmin edir. AFFA bu gün bizə məlumat verdi ki, danışıqlar bitib. "Nike" şirkəti ilə AFFA-nın əməkdaşlığı olacaq. Bütün komandalara “Nike” toplarından pulsuz paylanılacaq. Əlavə istəyənlər olsa, sərfəli şərtlərlə verilə bilər. Bu, yaxşı haldır və AFFA-dan klublara olan dəstəkdir".
K.Quliyev AFFA-nın "InStat" şirkəti ilə bağladığı müqaviləyə də toxunub: "Dünyanın nəhəng şirkəti “InStat”la AFFA əməkdaşlıq müqaviləsi imzalayıb. Hər kluba statistika və skaut məlumatları veriləcək. Onlarla dostluq olacaq. Bu, əməkdaşlıq çərçivəsində baş tutacaq. Hər klub təxminən 5 mindən 25 minə qədər xərcləyib. Klublar ortalama bir il ərzində 13-14 min qənaət edəcək. Bu isə AFFA-nın dəstəyi ilə olacaq. Bu, çox yaxşı haldır”.