Avqustun 23-də Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk matçında səfərdə Moldovanın “Şerif” komandası ilə qarşılaşır.
NUHÇIXAN xəbər verir ki, Tiraspoldakı “Şerif” İdman Kompleksinin stadionunda keçirilən oyunda “Qarabağ” klubunun start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Semyon Slavçev, Miçel, Mahir Mədətov, Rəşad Sadıqov, Filip Ozoviç, Con Delarj, Bədəvi Hüseynov və Donald Qerye yer alıblar.
“Şerif”in isə ilk onbirliyində isə meydana Serqey Paşenko, Jo Santos, Kristiano, Georqiy Anton, Vladimir Kovaçeviç, Ziqi Badibanqa, Mateo Suşiç, Yuriy Kendış, Rifet Kapiç, Viçeslav Posmak və Aleksander Boyçuk çıxıblar.
Xatırladaq ki, hər iki komanda mübarizəyə Çempionlar Liqasından başlayıb. “Şerif” II təsnifat mərhələsində Makedoniyanın “Şkendiya” klubuna iki oyunun nəticəsinə əsasən məğlub olub (0:0, 0:1).
“Qarabağ” klubu isə UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubunu, ikinci mərhələdə isə Albaniyanın “Kukesi” komandasını mübarizədən kənarlaşdırıb. Ağdamlılar III təsnifat mərhələsində BATE (Belarus) səddini keçə bilməyərək, UEFA Avropa Liqasında mübarizə aparmalı olublar.
Azərbaycan və Moldova çempionları ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində də üz-üzə gəliblər. Həmin vaxt Bakıda qolsuz heç-heçə qeydə alındığı halda, Tiraspolda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.
“Qarabağ” bugünkü oyuna itkilərlə çıxıb. İnnosent Emeqara cəzalı, Dani Kintana zədəli olduğu üçün oynamayacaq. “Şerif”in isə heyətində heç bir problem yoxdur.
Qeyd edək ki, Tiraspolda keçirilən oyunu avstriyalı hakimlər briqadası idarə edir. Matçın referisi Harald Lexnerdi. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək edirlər.
Oyunun hakim-inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi isə finlandiyalı Teuvo Holopainedir.