Əcnəbi tələbələr Naxçıvan şəhərində yerləşən Atıcılıq Mərkəzində olublar - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin Naxçıvan şəhərindəki Atıcılıq Mərkəzinə ekskursiyası təşkil olunub.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan Atıcılıq Federasiyasının sədr müavini Vasib Abdullayev gənclərə Mərkəz haqqında ətraflı məlumat verib. Qeyd edib ki, mərkəzdə iki stend və sportinq meydançası, oxçuluq və tir sahələri, peyntbol meydançası, hərbi-idman oyunlarının keçirilməsi üçün ərazi mövcuddur. Mərkəz ən müasir silah və avadanlıqlarla təchiz olunub. Burada atıcılığın stend və sportinq növləri ilə məşğul olmaq üçün silahlar, eləcə də qulaqcıq, gözlük və qoruyucu jiletlər vardır. Mərkəzdə silahla davranış qaydalarına və təhlükəsizliyin təmin olunmasına xüsusi fikir verilir. İdman silahlarından istifadə etmək üçün xüsusi qaydalar da müəyyən edilib, atış meydançalarında stendlər qoyulub. Stend və sportinq atıcılığı meydançaları bütün texniki inventarlarla təchiz olunub, oxçuluq idman növü ilə məşğul olmaq üçün hədəflər, 10 və 25 metrlik məsafələrdə tirlər quraşdırılıb. Mərkəzdə, həmçinin eni 54 metr, uzunluğu 93 metr olan peyntbol meydançası da mövcuddur.
Daha sonra gənclər arasında peyntbol yarışı, tir atıcılığı, oxatma və stend atıcılığı təşkil edilib. Ekskursiyanın sonunda onlar üçün çay süfrəsi təşkil olunub.
Gənclər və İdman Nazirliyinin və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə təşkil olunmuş ekskursiyada 20 nəfər əcnəbi tələbə iştirak edib.