Futbol üzrə Azərbaycan millisinin növbəti iki oyununun biletləri satışa çıxarılıb

A- A A+

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq qarşılaşmasının, həmçinin Azərbaycan – Qətər yoldaşlıq oyununun biletləri oktyabrın 26-dan satışa çıxarılıb.

NUHÇIXAN İnformasiya Agentliyi AFFA-nın saytına istinadla xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

Həm Lüksemburq, həm Qətər ilə oyunun biletlərini “iticket” mobil tətbiqi, veb-saytı və ya “Gənclik Mall”, “28 Mall”da yerləşən “iticket” bilet satışı məntəqələrindən əldə etmək olar.

Pandemiya ilə əlaqədar təması minimuma endirmək məqsədilə biletlər elektron formada təqdim ediləcək. Mobil tətbiq və ya veb-saytdan elektron bilet əldə etdikdə, həmin bilet alıcının elektron ünvanına göndərilir və ya şəxsi kabinetində görünür. Bilet satış məntəqəsindən bilet əldə etdikdə elektron bilet alıcının elektron ünvanına göndərilir, ehtiyac olarsa, A4 formatında çap edilib təqdim olunur. Oyun günü stadiona daxil olmaq üçün elektron bileti telefondan oxutmaq və ya A4 formatında çap olunmuş bileti təqdim etmək kifayət edəcək.

Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 manatdır.

Azarkeşlər stadiona COVID-19 ilə bağlı sanitar-gigiyenik prosedurlara riayət olunması şərti ilə buraxılacaq. Özünüzün və digərlərinin təhlükəsiziliyi üçün stadionda hərəkət edərkən və əyləşərkən sosial məsafənin qorunması xahiş olunur.

Qeyd edək ki, Azərbaycan yığması Lüksemburq seçməsi ilə noyabrın 11-də, Qətər millisi ilə isə noyabrın 14-də qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: