Ailə dəyərlərinə həsr olunmuş yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VIII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm və “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda VI muxtar respublika yaradıcılıq müsabiqələrinin qalibləri müəyyən olunub.

Gənclər Mərkəzində təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qeyd edib ki, muxtar respublikada ailə dəyərlərinin təbliği diqqət mərkəzində saxlanılır, bu istiqamətdə müsabiqələr təşkil olunur, kütləvi informasiya vasitələrində çıxışlar edilir. Orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və istedadlı gənclər arasında “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VIII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsi və “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda VI muxtar respublika yaradıcılıq müsabiqələrinin keçirilməsi də bu istiqamətdə həyata keçirilən layihələrin davamıdır. Komitə sədri müsabiqə qaliblərini təbrik edib.

 Qeyd edək ki, “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VIII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsinə 41 rəsm, 40 inşa və 5 dekorativ iş olmaqla, ümumilikdə 86 iş təqdim olunub. Müsabiqənin qaliblərinə və həvəsləndirici yer tutanlara diplom və hədiyyələr təqdim edilib.

“Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda VI muxtar respublika yaradıcılıq müsabiqəsinə isə 49 foto və 5 film təqdim olunub. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müsabiqə qaliblərindən 2 nəfər I yer tutmaqla hər birinə 200 manat, 2 nəfər II yer tutmaqla hər birinə 150 manat, 2 nəfər III yer tutmaqla hər birinə 100 manat pul mükafatı, həvəsləndirici yer tutan 8 nəfərə isə hədiyyə və diplomlar təqdim olunub.

Sonda “Ailə dəyərlərimiz film və fotolarda” VI muxtar respublika yaradıcılıq müsabiqəsində təqdim edilmiş fotolardan ibarət hazırlanmış videoçarxa baxış olub, müsabiqədə “Ən yaxşı film” nominasiyası üzrə I yerə layiq görülən film izlənilib.

Tədbir iştirakçıları “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VIII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsinə təqdim edilən rəsm və əl işlərindən ibarət sərgiyə də baxıblar. Sərgilənən əl işlərinin hər birində ailə dəyərlərimizə, adət-ənənələrimizə hörmət, ailədə sülh və dözümlülük ideyaları təbliğ edilib.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: