“Əl-ələ daha güclüyük!” şüarı altında yaradıcılıq müsabiqəsi keçirilib - FOTOLAR
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Gənclər və İdman, Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşan yeni layihə yaradıcı və əyləncəli mühit yaratmaqla sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərə, eləcə də valideyn himayəsindən məhrum olan uşaqlara dəstək olub, onların cəmiyyətə inteqrasiyasına köməklik etmək kimi önəmli vəzifələr daşıyır.
Naxçıvan Dövlət Filarmoniyasında keçirilən müsabiqədə iştirakçılar üzvlərindən biri sağlamlıq imkanları məhdud yeniyetmə və gənc olmaqla qrup şəklində yarışıblar. Onlar müvafiq ardıcıllıqla “Xanəndəlik”, “Rəqs”, “Bədii qiraət”, “Musiqi alətlərində ifa” nominasiyaları üzrə səhnə bacarıqlarını nümayiş etdiriblər. Qaliblər 5 nəfərdən ibarət münsiflər heyəti tərəfindən müəyyən olunub. Xalq artisti Kamran Quliyev, Əməkdar artistlər Tural Nəcəfov, Zeynalabdin Babayev, Zülfüqar Mahmudov və Əməkdar mədəniyyət işçisi Tamerlan Bağırovdan ibarət münsiflər heyəti qaydalara uyğun olaraq qiymətləndirməni birlikdə işləmə bacarığı, səhnə mədəniyyəti, musiqi tərtibatı və kompozisiya quruluşu meyarları üzrə aparıb. Nəticələrə əsasən, bədii qiraət üzrə Nigarə Quliyeva və Xanım Məmmədova, rəqs sahəsi üzrə Nihal İmanov və Firuzə Tağıyeva, xanəndəlik üzrə Yunis Məmmədov və Elgün Hüseynli, musiqi alətlərində ifa üzrə Rəşid Əliyev və Ruhin Məmmədov qalib olublar. Sonda müvəffəqiyyət qazanan iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırılıblar.