Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir. Naxçıvan Boks Federasiyasının yetirməsi Sərxan Əliyev (71 kiloqram) mundialda ölkəmizi uğurla təmsil edir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ilk iki mərhələdə Stefen Nevns (Şotlandiya) və Yuta Akiyamanı (Yaponiya) məğlub edən boksçumuz 1/4 final mərhələsi çərçivəsində ABŞ təmsilçisi Obed Barti qarşılaşıb. Rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edərək rinqdən qalib ayrılan Sərxan yarımfinala adlayıb. Bununla o, minimum bürünc medalı özünə təmin edib. Təmsilçimiz finala vəsiqə uğrunda ukraynalı Yuri Zaxariyevlə üz-üzə gələcək.
Qeyd edək ki, Sərxan Əliyevlə yanaşı, millimizin üzvlərindən Alfonso Dominqes (86 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) də yarımfinal mərhələsinə vəsiqə əldə edib. Yarımfinal qarşılaşmaları noyabrın 4-də baş tutacaq. Növbəti iki gündə isə final görüşləri təşkil olunacaq.