Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan "Naxçıvan-2018" Beynəlxalq Şahmat Festivalında ilk tura yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şahmat Mərkəzinin ev sahibliyi etdiyi ənənəvi turnirdə ilk görüşlərin nəticələri bəllidir. Beynəlxalq əmsalına görə turnirin ən reytinqli şahmatçılarının yer aldığı “A” qrupunda mübarizə aparan Azərbaycan təmsilçilərindən Eltac Səfərli, Qədir Hüseynov, Nicat Məmmədov, Fərid Abbasov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Orxan Abdulov və Nail Bəşirli yarışa qələbə ilə start veriblər. Naxçıvan şahmatçılarından beynəlxalq qrossmeyster Urfan Sevdımalıyev aktivinə 1 xal əlavə edib. Görüşünü heç-heçə ilə bitirən Pərviz Qasımov isə yarım xalla kifayətlənib.
“B” qrupunda isə muxtar respublikamızı paytaxt Naxçıvan və bölgələrdən ümumilikdə 38 şahmatçı təmsil edir. Onlardan 15-i birinci turda sevinən tərəf olub.
12 yaşadək şahmatçıların yer aldığı “C” qrupunda 146 idmançı mübarizə aparır. Yerli şahmatçıların yarışdığı bu qrupda 78 Naxçıvan təmsilçisindən 37-si ilk görüşlərini qələbə ilə bitirib. 5 şahmatçımız isə bərabərliyə razı olub. Bakı və Gəncə şahmat məktəblərinin bir çox yetirməsi də turu uğurla başa vurub.
Emil Səmədov
NTV Xəbər