Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, beşinci yarış günündə - noyabrın 5-də sərbəst güləşçilərin mübarizəsinə start verilib.
Təmsilçilərimizdən Əliabbas Rzazadə (57 kq) debütdə Almaniya təmsilçisinə qalib gəlib. Güləşçimiz daha sonra Tacikistan idmançısına aman verməyib. Dörddəbir finalda Ermənistan güləşçisini üstələyən həmyerlimiz yarımfinala yüksəlib. Hindistan idmançısı ilə olduqca gərgin idman mübarizəsi şəraitində keçən görüşdə isə xalların keyfiyyəti Ə.Rzazadəni finala daşıyıb. Qızıl medal uğrunda görüşdə idmançımızın rəqibi Bekbolot Mirzənəzər Uulu (Qırğızıstan) olacaq.
Zirəddin Bayramov (65 kq) rəqibi xalçaya çıxmadığı üçün güləşmədən ikinci mərhələyə yüksəlib. Z.Bayramov ikinci görüşdə ABŞ təmsilçisinə gücünü göstərib. Ancaq dörddəbir finalda rusiyalı rəqibinə uduzub. Təmsilçimiz noyabrın 6-da təsəlliverici görüşə çıxacaq.
Güləşçimiz Murad Yevloyev startda ukraynalı həmkarını üstələyib. Gürcüstan pəhləvanını "tuşe" ilə mübarizədən kənarlaşdıran M.Yevloyev dörddəbir finalda Tacikistan güləşçisinə qalib gəlib. Ancaq yarımfinalda bir ay əvvəl Osloda böyüklər arasında dünya çempionatında gümüş medal qazanmış Qırğızıstan idmançısına məğlub olub. İdmançımız bürünc medal uğrunda görüşə çıxacaq.
Çempionatda 79 kiloqram çəki dərəcəsində mübarizə aparan Əşrəf Aşırov təsnifat mərhələsində Monqolustan idmançısından güclü olub. Ə.Aşırov səkkizdəbir finalda Ukraynadan olan rəqibini məyus edib. Təmsilçimiz növbəti görüşündə İsveçrədən olan həmkarına heç bir şans tanımayıb. Ancaq yarımfinalda Rusiya təmsilçisi keçilməz olub. Ə.Aşırov da bürünc medal uğrunda güləşəcək.
İslam İlyasov (97 kq) debütdə rusiyalı rəqibinə məğlub olub.