Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında Azərbaycan boksçusu Alfonso Dominqes qızıl medal qazanıb.
Azərbaycan Boks federasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, 86 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi finalda braziliyalı Keno Maçadonu məğlub edib. Rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazanan bokçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, təşkilatçılar tərəfindən 100 min dollar mükafata və çempion üçün xüsusi kəmərə də sahib olub.
“Tokio-2020”nin bürünc medalçısı həlledici görüşədək AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani, rumıniyalı Pol Aradoae, rusiyalı Şarabutdin Atayev və kubalı Ruis Kordobanı məğlub edib.
Beləliklə, Azərbaycan milli komandası dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Bundan əvvəl təmsilçilərimiz Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, 88 ölkədən 510 boksçunun mübarizə apardığı dünya çempionatına sabah yekun vurulacaq.