Naxçıvanlı gənclər “Vətənin Müdafiəsinə Hazıram!” poliatlon çoxnövçülüyü üzrə ölkə birinciliyinin mükafatçıları arasında - FOTOLAR
Xaçmaz şəhərində çağırışaqədər və çağırışyaşlı gənclər arasında “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika çempionatına yekun vurulub. Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən final mərhələsində ölkənin müxtəlif bölgələrindən 10 komanda olmaqla ümumilikdə 40 nəfərin iştirakı qeydə alınıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yarışda muxtar respublika zona mərhələsinin qalibi kimi Babək rayon komandası iştirak edib. Komandamızın üzvlərindən Fərid Həsənəliyev 1000 metr məsafəyə qaçış növündə (2.37 saniyə), Sənan Əşrəfov isə qumbaraatmada (50 metr) ən yüksək nəticə göstərərək mükafatçılar sırasına düşüblər.
Nəticələrə əsasən təmsilçilərimiz ikinci yerə layiq görülüblər. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin komandası birinci, Sumqayıt məktəbliləri isə üçüncü olublar.
İlk üçlükdəki komandalar, eləcə də hər növ üzrə ən yüksək nəticə göstərən idmançılar diplom və kuboklarla mükafatlandırılıblar.