UEFA ötən mövsümün ən yaxşı qolunu açıqlayıb - FOTOLAR
UEFA ötən mövsüm ərzində vurulan ən yaxşı qolların müəlliflərini açıqlayıb.
NUHÇIXAN UEFA-nın saytına istinadla xəbər verir ki, ötən mövsüm “Real Madrid”in formasını geyən portuqaliyalı hücumçu Kriştiano Ronaldonun turnirin yarımfinal mərhələsi çərçivəsində ilk görüşdə hazırkı komandası “Yuventus”un qapısına “qayçı” zərbəsi ilə vurduğu top ən yaxşı qol elan edilib. Bu qol sorğuda iştirak edən 346 min 915 nəfərdən 197 min 496-sının səsini toplayıb.
Mövsümün ikinci ən yaxşı qolunun müəllifi Fransanın “Marsel” komandasının yarımmüdafiəçisi Dmitri Payet olub. UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin cavab qarşılaşmasında “Marsel”in Almaniyanın “Leypsiq” klubunu 5:2 hesabı ilə məğlub etdiyi oyunda D.Payetin vurduğu qol 35 min 558 səs toplayıb.
Üçüncü ən yaxşı qol isə Litvada keçirilən 17 yaşadək qadınlar arasında Avropa çempionatının finalında İspaniya yığmasının üzvü Eva Navarronun Almaniya millisinin qapısına vurduğu top seçilib. Bu qol 23 min 315 nəfərin səsini alıb.
UEFA-nın texniki komitəsi mövsümün ən yaxşı qolunu son 12 ay ərzində qitənin ali futbol qurumunun bayrağı altında keçirilən bütün turnirlərdə vurulan qollar arasından seçir. Komitə builki qalibi 11 namizədin arasından müəyyənləşdirib.
Xatıradaq ki, 2017-ci ildə “Yuventus”un xorvatiyalı hücumçusu Mario Mandzukiçin “Real Madrid”in qapısına vurduğu top ən yaxşı qol hesab edilmişdi. 2015-ci və 2016-cı illərdə isə bu nominasiyada qalib adına müvafiq olaraq “Bavariya”nın və “Roma”nın qapısından keçirdiyi qollara görə Lionel Messi layiq görülmüşdü.