Naxçıvan idmançıları İstanbul Marafonunda uğurlu nəticələr əldə edib - FOTOLAR
Türkiyədə 43-cü İstanbul Marafonu keçirilib. “Dünyanın qitələrarası yeganə marafonu” adlandırılan, Dünya Atletika Birliyi tərəfindən “qızıl kateqoriya”da göstərilən nüfuzlu tədbirə 100-dən çox ölkədən 20 min idmançı olmaqla ümumilikdə 40 min nəfər qatılıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan Atletika Federasiyasının idmançılarından Əmrah Nağıyev və Miryusif Seyidov da marafona qatılıblar. Əmrah tam məsafə - “42 km” kateqoriyası üzrə mübarizə aparıb. Təmsilçimiz finişə 120-ci (kişilər arasında) olaraq çatıb. 3 saat 21 dəqiqə 27 saniyəlik göstəriciyə nail olan gənc atlet bu nəticə ilə Azərbaycan idmançıları arasında birinci olub.
“15 km” kateqoriyasında gücünü sınayan Miryusif Seyidov 1 saat 10 dəqiqə 59 saniyəlik göstərici ilə 296-cı (kişilər arasında), azərbaycanlı idmançılar arasında isə ikinci olub.
İdmançılarımız marafonun medalları ilə mükafatlandırılıblar.