2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX tura yekun vurulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turun son oyun günündə 7 qarşılaşma keçirilib.
Fransa və Belçika yığmaları Qətərdə keçiriləcək mundiala qrup lideri kimi birbaşa vəsiqəni təmin ediblər.
D qrupunda yer alan Fransa millisi öz meydanında Qazaxıstanı darmadağın edərək, xalını 15-ə çatdırıb və sona 1 tur qalmış ən yaxın izləyicisi Finlandiyanı 4 xal geridə qoyub.
E qrupunda Belçika yığması evdə Estoniyanı məğlub edib və xallarını 19-a çatdırıb. Paralel matçda Belarusu darmadağın edən Uels xalını 14-ə çatdıraraq, 2-ci yerə yüksəlsə də, liderlik mövqeyinə yiyələnə bilməyib.
G qrupunda Türkiyə yığması İstanbuldakı “Başakşehir Fatih Terim” stadionunda Cəbəllütariq yığmasını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0. Hesabı 11-ci dəqiqədə Kerem Aktürkoğlu açıb. Matçın 22-ci dəqiqəsində Cəbəllütariq yığması Ceys Maskarenyas-Oliveronun qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb. “Ay-ulduzlular” qalan dəqiqələrdə say üstünlüyündən məharətlə yararlanıblar. Halil Dervişoğlu 38 və 41-ci dəqiqələrdə fərqlənərək, “dubl” edib. İkinci hissədə meydan sahibləri daha 3 qol vurub. Merih Demiral 65-ci, Serdar Dursun 81-ci, Mert Müldür 84-cü dəqiqədə fərqlənməyi bacarıb.
Qrupun digər qarşılaşmasında Norveç yığması evdə Latviyanın müqavimətini qıra bilməyib. Bununla da Türkiyə millisi xallarını 18-ə çatdıraraq, 2-ci pilləyə yüksəlib. On səkkiz xala malik Norveç isə 3-cü pilləyə enib.
Qrup lideri Niderland millisi səfərdə Monteneqro ilə görüşdə ən yaxşı bombardir Memfis Depayın dublu sayəsində öndə olsa da, son dəqiqələrdə qapısından 2 top buraxıb. Bununla da “narıncılar” qrup lideri kimi qalmalarına rəğmən, mundiala birbaşa vəsiqə qazana bilməyiblər. Bu komanda hazırda Türkiyə və Norveçi 2 xal geridə qoyur. Birbaşa vəsiqənin taleyinə son turda aydınlıq gətiriləcək. Noyabrın 16-da Niderland Norveçi qəbul edəcək, Türkiyə isə Monteneqronun qonağı olacaq.
Beləliklə, bu qrupda “pley-off” mərhələsinə vəsiqələrin sahibləri son turda bəlli olacaq.
Bosniya və Herseqovina yığması Finlandiyanı qəbul edib. Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb – 1:3. Skandinaviyalılar 37-ci dəqiqədə Yukka Raytalanın qırmızı vərəqə almasına baxmayaraq, azlıqda qalib gəlməyi bacarıblar. İlk 2 qolu Finlandiya millisindən Markus Forss 29-cu, Robin Lod 51-ci dəqiqədə vurub. 69-cu dəqiqədə Luka Menalo fərqi azaltsa da, 73-cü dəqiqədə 17 yaşlı Daniel O Şonessi yekun nəticəni müəyyənləşdirib.
Bu qələbə sayəsində xalını 11-ə çatdıran Finlandiya D qrupunda 2-ci pilləyə yüksəlib. 7 xala malik Bosniya və Herseqovina isə 4-cü pillədə qalıb və “pley-off” şansını itirib.
Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
D qrupu
Bosniya və Herseqovina – Finlandiya - 1:3;
Fransa – Qazaxıstan - 8:0.
Qrupdakı vəziyyət: Fransa - 15, Finlandiya - 11, Ukrayna - 9, Bosniya və Herseqovina - 7, Qazaxıstan - 3.
E qrupu
Uels – Belarus - 5:1;
Belçika – Estoniya - 3:1.
Qrupdakı vəziyyət: Belçika - 19, Uels - 14, Çexiya - 11, Estoniya - 4, Belarus - 3.
G qrupu
Norveç – Latviya - 0:0;
Türkiyə - Cəbəllütariq - 6:0;
Monteneqro – Niderland - 2:2.
Qrupdakı vəziyyət: Niderland - 20, Türkiyə - 18, Norveç - 18, Monteneqro - 12, Latviya - 6, Cəbəllütariq - 0.