"Naxçıvan" Universitetində “Karyera günü” keçirilib - FOTOLAR
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tələbə gəncləri ixtisaslarına, bilik və bacarıqlarına uyğun vəzifələrlə, habelə keçirilən müsabiqələrin qaydaları və şərtləri ilə tanış etmək məqsədilə keçirilən “Karyera günü”ndə universitetin rektoru Nurlana Əliyeva məzunların işlə təmin edilməsi məqsədilə dövlət qurumları ilə əməkdaşlığın qurulması, tələbələrin ixtisasları üzrə dövlət müəssisələrində təcrübə keçmələri haqqında danışıb.
“Dövlət idarəçiliyi sahəsində islahatların əsas istiqamətlərindən biri də müasir tələblərə cavab verən kadr siyasətinin həyata keçirilməsidir”,- deyən Dövlət İmtahan Mərkəzinin sədri İsmayıl Qəribli bildirib ki, bu gün Ali Məclis Sədrinin rəhbərliyi ilə həyata keçirilən kadr siyasətinin əsas məqsədi dövlətə və cəmiyyətə xidmət üçün lazımi keyfiyyətlərə malik mütəxəssislərin formalaşdırılması, habelə dövlət orqanlarının yüksək peşəkarlığa malik, vicdanlı, məsuliyyətli və vətənə sədaqətli işçilərin cəlb olunmaqla komplektləşdirilməsidir.
Bu gün muxtar respublikamızda gənclərin məşğulluğu üçün geniş şəraitin yaradıldığını bildirən İsmayıl Qəribli deyib ki, hazırda Dövlət İmtahan Mərkəzi tərəfindən 33 istiqamət üzrə işə qəbul, attestasiya, sertifikasiya və qiymətləndirmə imtahanları keçirilir.
Sonra Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Məmməd Babayev slayd vasitəsilə “Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət orqanlarına və digər müəssisələrə işə qəbulu qaydaları” haqqında tələbə gənclərə ətraflı məlumat verib. Dövlət qulluğuna, dövlət qulluğunun xüsusi növlərinə, eləcə də dövlət müəssisə və təşkilatlarına işə qəbul, Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan prosesinin təşkili və keçirilməsi qaydaları, imtahanların məzmunu, sual sayları və keçid balları ilə tanışlıq tələbə gənclərin marağına səbəb olub, onları maraqlandıran suallar cavablandırılıb.
50-dən çox tələbənin iştirak etdiyi tədbirin sonunda tələbələrə Dövlət İmtahan Mərkəzinin fəaliyyəti, imtahanların keçirilməsi qaydaları və digər məlumatları özündə əks etdirən bukletlər paylanılıb.