Naxçıvan karateçiləri dünya çempionatını 3 medalla tamamlayıblar - FOTOLAR
11-14 noyabr tarixlərində Serbiya Respublikasının Zrenjanin şəhərində Dünya Şotokan Federasiyasının 28-ci Dünya Çempionatı keçirilib. Yarışda Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 3 idmançısı iştirak edib. Onlardan ikisi mükafatçılar sırasına düşə bilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 12-13 yaş kateqoriyasında mübarizə aparan Yaqub Qəmbərov (-43 kq) “şobu ippon” və “şobu sanbon” qaydaları üzrə 2 gümüş medal qazanıb. Digər təmsilçimiz Rafiq Hüseynli (-40 kq) isə 10-11 yaş kateqoriyasında “şobu ippon” üzrə bürünc medala layiq görülüb.
Federasiya idmançıları, həmçinin 14 noyabr tarixində 8 Noyabr - Zəfər Gününə həsr edilmiş açıq Bakı turnirinə də qatılıblar. Yekun nəticələrə əsasən Naxçıvan komandası medalların sayına və əyarına görə (7 qızıl, 6 gümüş və 4 bürünc) turniri ikinci sırada tamamlayıb.
Karateçilərimizdən Ayxan Musayev I, II və III yerlər olmaqla 3 medal qazanıb. Vüsal Seyidov, Qafar Hüseynli, Canər Abbaszadə, Səma Bağırova, Gültac Cəfərova və Sadiq Qənbərov qızıl medala sahib olublar. Nərgiz Həsənli II və III yerlər olmaqla 2 medal əldə edib. Fatimə Bədəlova, Sona Bağırova və Məhəmməd Bağırov gümüş, Həsən Səfərli, Saleh Qənbərov və Abbas Əliyev bürünc medala layiq görülüblər.