Türkiyə Super Liqası: "Qalatasaray" öz meydanında "Fənərbağça"ya uduzub

A- A A+

Türkiyə Super Liqasında XIII turun oyunları davam edir.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, günün son matçında möhtəşəm derbi baş tutub.

Əzəli rəqiblər “Qalatasaray”la “Fənərbağça” birincilərin meydanında üz-üzə gəlib. İstanbul nəhənglərinin mövsümə qeyri-stabil başlaması və turnir cədvəlində qonşu olması 394-cü duelin əhəmiyyətini daha da artırırdı.

“Nef” stadionunda 50 mindən çox azarkeşin izlədiyi görüşün birinci hissəsində komandalar hərəyə bir dəfə fərqlənib. Əvvəlcə Kerem Aktürkoğlu 16-cı dəqiqədə “cim-bom”u önə keçirib. Lakin 31-ci dəqiqədə Mesut Özil status-kvonu bərpa edib. 83-cü dəqiqədə “Fənərbağça” azlıqda qalıb. Müdafiəçi Marsel Tisserand ikinci sarı vərəqə ilə meydandan qovulub. Lakin Fatih Terimin yetirmələri say üstünlüyündən yararlana bilməyib. Əksinə, qonaqlar 90+4-cü dəqiqədə Migel Kresponun qolu sayəsində səfərdə 2:1 hesablı qələbə qazanıb.

İkinci qoldan sonra baş hakimə kəskin etiraza görə, ev sahiblərinin baş məşqçisi Fatih Terim qırmızı vərəqə alaraq, texniki zonadan qovulub.

İstanbul derbisi tarixində 147-ci qələbəsini qazanan “Fənərbağça”, eyni zamanda uzunmüddətli həsrətə son qoyub. Komanda 2017-ci ilin aprelindən – yəni 4 il 7 aylıq fasilədən sonra ilk qalibiyyətinə sevinib. Buna qədər baş tutan son 8 oyunun 2-də “aslan” qalib gəlmiş, 6 heç-heçə qeydə alınmışdı.

Qeyd edək ki, hazırda “Fənərbağça” 23 xalla turnir cədvəlinin 5-ci, “Qalatasaray” isə 21 xalla 8-ci pilləsində qərarlaşıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: