Bu gün şahmat tacı uğrunda dünya çempionatı başlayır

254

Bu gün - noyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində şahmat tacı uğrunda dünya çempionatı başlayır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, norveçli Maqnus Karlsen yarışda Rusiya təmsilçisi Yan Nepomnyaşi ilə mübarizə aparacaq. Şahmat tacının hazırkı sahibi rusiyalı rəqibi ilə birinci turda qara fiqurlarla oynayacaq. On dörd matçdan ibarət olacaq turnirdə hesab bərabər olarsa, iştirakçılar tay-breykdə oynayacaqlar. Yarış dekabrın 15-dək davam edəcək.

Xatırladaq ki, Maqnus Karlsen 2013-cü ildə Hindistan təmsilçisi Vişvanatan Anand üzərində qələbə qazanaraq dünya şahmat tacına sahib olub. O, 2014-cü ildə Rusiyanın Soçi şəhərində V.Anand, 2016-cı ildə ABŞ-ın Nyu-York şəhərində rusiyalı Sergey Karyakin və iki il sonra isə Böyük Britaniyada ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edərək titulunu qoruyub.

Hazırda Maqnus Karlsen (2855) dünya reytinq cədvəlinə başçılıq edir, Yan Nepomnyaşi (2782) isə beşinci pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: