Naxçıvan idmançısı ölkə çempionu olub - FOTOLAR
Bakı şəhərində bodibildinq, klassik bodibildinq, mens fizik və bikini fitnes üzrə Azərbaycan çempionatı keçirilib. Turnir iki il öncə mens fizik növündə ölkə çempionu olan, şəhid baş leytenant Muxtar Qasımlının xatirəsinə həsr olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 40-a yaxın idmançının qatıldığı yarışda muxtar respublikanı Həsənqulu Abdullayev təmsil edib.
Tanınmış bodibildinq məşqçisi Vüqar Verdiyevin nəzarəti ilə uzunmüddətli hazırlıq dönəmini geridə qoyan idmançımız ona bəslənilən ümidləri doğruldub. Belə ki, klassik bodibildinqdə hündürlüyü 175 santimetrdən yuxarı idmançılar kateqoriyasında ölkə birincisi olan Həsənqulu Abdullayev bu növdə, həmçinin Azərbaycan çempionatının mütləq qalibi adına layiq görülüb. İdmançımız diplom, medal və kuboklarla təltif olunub.
Qeyd edək ki, Naxçıvan idmanında bodibildinq üzrə ilk ölkə çempionluğu titulunu qazanan Həsənqulu Abdullayev bu uğurla yığma komandanın heyətinə cəlb olunaraq qarşıdakı Avropa çempionatında iştirak etmək hüququ əldə edib.